REGİONLAR
Xocavəndli uşaqlar “Şəhidlər” Memorial Abidə Kompleksini ziyarət ediblər
Beyləqan, 2 iyun, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Xocavənd rayonundan olan Vətən müharibəsi şəhidlərinin övladları bağça yoldaşları ilə birlikdə Xocavənd qəsəbəsindəki "Şəhidlər" Memorial Abidə Kompleksini ziyarət ediblər. Şəhidlərin məzarı üstünə gül dəstələri qoyulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov uşaqları təbrik edib, hər zaman şəhidlərimizin övladlarının yanlarında olduğunu bildirib. “Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Düşmən tapdağında olan torpaqlarımız işğaldan azad olunub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa çatdırdı. Bu Zəfərin qazanılmasında Vətənimizin igid oğulları şəhid oldu. Bu gün biz ərazi bütövlüyümüzün bərpasına görə şəhidlərimizə borcluyuq”, - deyə E.Hüseynov bildirib.
Ziyarət zamanı şəhid uşaqları atalarına həsr olunmuş şeirlər söyləyiblər.
Sonra Xocavənd rayonu Kuropatkin kənd uşaq bağçasında şəhid övladları üçün bayram tədbiri keçirilib. Müxtəlif əyləncələrin təşkil olunduğu tədbirdə şəhid övladları vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Tədbirdə iştirak edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva şəhid övladları ilə görüşüb, bayram münasibətilə onlara təbriklərini çatdırıb, xoş arzularını bildirib. Musiqili tədbirin sonunda şəhid övladlarına hədiyyələr təqdim edilib.