İQTİSADİYYAT
XRİTDX Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında əməkdaşlığını davam etdirir
Bakı, 29 oktyabr, AZƏRTAC
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri Dr. Adrian Viktor Vevera ilə görüşüb.
Dövlət Xidmətindən (XRİTDX) AZƏRTAC-a bildirilib ki, görüş “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanda ilk dəfə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə həyata keçirilən “CIDC-2023” tədbiri ərəfəsində təşkil olunub.
Görüşdə tərəflər kiberdiplomatiyanı, bulud həllərinin təhlükəsizliyini, əşyaların internetini, ağıllı şəhər konsepsiyalarında kibertəhlükəsizliyi, “big” data, yüksək səviyyəli domen sistemlərində blokçeyn tətbiqini, eləcə də süni və artırılmış intellekt sahələrində birgə tədqiqatların aparılması sahəsində əməkdaşlığı və görülən işləri müzakirə ediblər.
Xatırladaq ki, cari ilin aprelində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.