Xüsusi iqtisadi zonalara diqqət artmaqdadır
Sumqayıt, 13 dekabr (AZƏRTAC). Sumqayıt Dövlət Universitetinin dosenti, iqtisad elmləri namizədi Şəfa Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2012-ci il üzrə qrant layihəsi çərçivəsində yenicə çapdan çıxmış “Xüsusi iqtisadi zonaların tətbiqi problemləri” monoqrafiyası dünya iqtisadiyyatının tarixi inkişaf proseslərində uzun bir dövr ərzində səmərəli iqtisadi alət kimi mühüm əhəmiyyət kəsb edən xüsusi iqtisadi zonalara həsr edilmişdir.
AZƏRTAC xəbər verir ki, 360 səhifədən ibarət olan bu fundamental elmi-tədqiqat əsərində iqtisadiyyat elmində və dünya iqtisadiyyatı proseslərində xüsusi iqtisadi zonalara dair elmi-nəzəri baxışlara, onların konseptual mahiyyətinə, təşkilinin metodoloji cəhətlərinə, dünya iqtisadiyyatında roluna, milli iqtisadiyyatların inkişafına təsiri imkanlarına xüsusi yer ayrılmışdır.
Monoqrafiyanın elmi redaktoru Azərbaycan Dövlət İqtisad Universitetinin elm və informasiya texnologiyaları üzrə prorektoru, iqtisad elmləri doktoru, professor Əvəz Bayramovdur.
Yeni nəşr elmi işçilər, xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti, tətbiqi ilə məşğul olan mütəxəssislər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Monoqrafiyanın müəllifi Şəfa Əliyev AZƏRTAC-a müsahibəsində demişdir ki, hazırda xüsusi iqtisadi zonaların tətbiqinin intensivləşdirilməsi Azərbaycanda iqtisadi inkişaf proseslərinə, ölkədə sahibkarlığın inkişafına, biznes mühitinin fəallaşdırılmasına, dünya standartlarına cavab verən məhsulların çeşidinin artırılmasına, ölkənin müxtəlif iqtisadiyyat sahələrinə iri məbləğdə qeyri-neft investisiyasının cəlbinə və bu sahələrə yüksək texnologiyaların gətirilməsinə, bütövlükdə ölkədə iqtisadi fəallığın əhəmiyyətli səviyyədə yüksəldilməsinə əlavə stimullar yaradacaqdır.
Müəllif buna dünya iqtisadiyyatının ən güclü ölkələri olan ABŞ və Çini misal gətirərək qeyd etmişdir ki, məhz xüsusi iqtisadi zona mexanizmindən səmərəli istifadə etməklə bu dövlətlərdə böyük sıçrayışa nail olunmuşdur.
Azərbaycan regionun lider ölkəsi kimi özünün iqtisadi inkişaf modelini dünya standartları səviyyəsinə qaldırmaqda israrlıdır və ölkəmizin əsas hədəfi iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin sırasında yer tutmaqdır. Bu baxımdan son illərdə ənənəvi iqtisadiyyat sektorları modernləşdirilməklə yanaşı, daha müasir iqtisadiyyat sahələrinin formalaşdırılması prosesləri güclənməkdədir. Ölkə rəhbərliyinin təşəbbüsü ilə bir sıra sənaye sahələri üzrə texnoparklar yaradılmışdır və bu proses xeyli genişlənməkdədir. Alimin fikrincə, bu da xüsusi iqtisadi zonaların təşəkkülü və fəaliyyəti proseslərinin təşkilində daha intensiv və genişmiqyaslı tədbirlərin görülməsinə zərurət yaradacaqdır.
İndiyədək iqtisadçı alim Şəfa Əliyevin 150-dən çox еlmi məqalələri, monoqrafiya və kitabları çap olunmuşdur. Оnun əsərləri АBŞ, İtaliya, Çexiya, Slovakiya, Bolqarıstan, Türkiyə, Rusiya və digər ölkələrin elmi jurnallarında dərc olunmuşdur. Şəfa Əliyev Avropa İqtisad Assosiasiyasının (European Economic Association) və digər beynəlxalq elmi təşkilatların üzvü, həmçinin “Beynəlxalq Elmi Araşdırmalar Jurnalı”nın (“İnternational Journal of Akademic Research - Journal of Economics and Engineering”) iqtisadi elmlər üzrə seriyasının baş redaktorudur.