CƏMİYYƏT
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Anım Gününü qeyd edib
Bakı, 27 sentyabr, AZƏRTAC
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) şəxsi heyəti 27 Sentyabr - Anım Günü ilə əlaqədar İkinci Şəhidlər Xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, əziz xatirələri ehtiramla yad edilib.
Mərasim yerində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədən bəhs olunub. Həmçinin ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim yad edildiyi vurğulanıb.
Daha sonra XRİTDX-nin hərbi qulluqçuları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və xidmətin digər əməkdaşları xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini yad ediblər.
Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Anım Günü kimi qeyd edilir.
Vətənimizin bütövlüyü uğrunda canından keçən qəhrəman igidlərimizin adını uca tutmaq, onları daima anmaq və xatirələrdə yaşatmaq hər birimizin vətəndaşlıq borcudur.