İDMAN
XXX London Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Toğrul Əsgərovun evində izdihamlı günlər yaşanır
Gəncə, 12 avqust (AZƏRTAC). XXX London Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medal qazandıran Toğrul Əsgərovun yaşadığı evdə əsl izdihamlı günlər yaşanır. Hər bir Gəncə sakini bu parlaq qələbə ilə əlaqədar Olimpiya çempionunun valideynlərini təbrik etmək üçün onun yaşadığı evə gəlir, sevinclərini bölüşürlər.
Sevincini AZƏRTAC ilə bölüşən idmançımızın anası İnarə Məmmədova onun bu xoş günü ilə şərik olanlara minnətdarlığını bildirmiş, oğlu ilə fəxr etdiyini demişdir.
Belə əlamətdar gündə Toğrulun babası Səməndər Əsgərovun da sevinci hədsizdir. Çempionun babası demişdir: “Mən nəvəmin qələbə çalacağına tam əmin idim. Çünki Toğrul Olimpiada qabağı istirahət nə olduğunu bilmirdi. Atalar yaxşı demişdir: “Niyyətin hara, mənzilin də ora”. Toğrul qarşısına qoyduğu məqsədinə çatmışdır. Özü də elə bir məqsədə ki, bu, bütün Azərbaycan xalqının məqsədi idi”.
Toğrulun həm valideynləri, həm də babası bu qələbəni Azərbaycan dövlətinin başçısı İlham Əliyevin gənclərə, ölkədə idmanın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirərək minnətdarlıqlarını bildirmişlər.