Yalçın Rəfiyev: COP30-da əsas gözləntilərdən biri Bakıdan Belemə 1,3 trilyon dollarlıq yol xəritəsinin hazırlanıb təhvil verilməsidir

Bonn, 20 iyun, Pərvanə Qafarova, AZƏRTAC
COP30-da əsas gözləntilərdən braziliyalı həmkarlarımızla birlikdə Bakıdan Belemə 1,3 trilyon dollarlıq yol xəritəsinin hazırlanıb təhvil verilməsidir. Bu istiqamətdə biz açıq konsultasiya prosesinə başlamışıq. Həm dövlətlər səviyyəsində, həm də qeyri-hökumət təşkilatları, biznes sektoru, hökumət və filantrop təşkilatlarla müzakirələr apardıq. Eyni zamanda çox sayda bankla görüşdük.
Bu barədə AZƏRTAC-a müsahibəsində xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev BMT-nin İqlim Dəyişikliyi üzrə Bonn Konfransında deyib.
“Biz dövlətlərlə açıq konsultasiyalar keçirdik, onların fikirlərini dinlədik. Bu yol xəritəsində onlar hansı elementləri görmək istəyirlər, bundan faydalanan hansı qrup dövlətlər olmalıdır? Hansı dinamika ilə artım olmalıdır? Bu istiqamətdə dövlətlərlə QHT-lər arasında müəyyən fikir ayrılıqları var. Çünki dövlətlər müəyyən qanunvericilik, müəyyən çərçivədə fəaliyyət göstərirlər. Onlar müəyyən çərçivələrə əsaslanırlar. Ancaq hökumət təşkilatları və digərləri daha çox fikir təqdim etdilər, müxtəlif fikirləri eşitdik. Ümumiyyətlə müxtəlif istiqamətlərdə yeni ideyalar da var. Misal üçün, ərəb qrupu tərəfindən inkişaf etmiş ölkələrdə, dəbdəbə vergisinin tətbiqi ilə bağlı maraqlı fikir səsləndirildi.
Yəni, onların ölkələrində dəbdəbəli həyat tərzi yaşayan insanlara belə verginin tətbiq olunması məsələsi irəli sürülür. Buna paralel olaraq, bəzi dövlətlərin Ümumdünya Dəniz Təşkilatı, Ümumdünya Mülki Aviasiya Təşkilatı çərçivəsində iqlimlə bağlı müəyyən vergilərin tətbiqinə dair fikirləri var.
Artıq rəsmi elan etdiyimiz müraciətlərdən bu günədək 114 dövlət və təşkilatdan, QHT-lərdən, biznes sektorundan müəyyən töhfələr almışıq. Hesabatları yol xəritəsinə bu müzakirələri də əlavə edib yekun sənəd hazırlanmağa çalışacağıq. Bu sənəd Belemdəki COP30 Sədrliyinə təqdim olunacaq. Bonn sessiyasında aparılan danışıqlar o sənədin hazırlanması istiqamətində ciddi dəstəkdir”, - deyə Yalçın Rəfiyev əlavə edib.