CƏMİYYƏT
Yan Tszyançu: Çin COP29-da sağlam ekologiyaya malik gözəl planet qurulması vizyonunu təqdim edəcək
Bakı, 29 avqust, AZƏRTAC
Azərbaycanın çinlilər üçün vizasız gediş-gəliş siyasəti tətbiq etməsi səbəbindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a Çindən daha çox nümayəndə qatılacaq.
Bu sözləri ölkəmizdə səfərdə olan Çinin Analitik Mərkəzlər Alyansının baş katibi, qarşıdakı COP29 iqlim konfransında Çin nümayəndə heyətinin regional koordinatoru Yan Tszyançu AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.
Yan Tszyançu əlavə edib: “Biz COP29 zamanı qlobal ekoloji sivilizasiyanın birgə formalaşması vizyonunu təqdim edəcəyik, sağlam ekologiyaya malik gözəl planetin qurulması üzrə beynəlxalq ictimaiyyətin birgə fəaliyyətini müdafiə edəcəyik. Həmçinin bəşəriyyətin davamlı inkişafı, qlobal ətraf mühitin idarə edilməsi məqsədilə Şərq müdrikliyi ilə zəngin Çin həllərini təklif edəcəyik. Çin və Azərbaycan bu fürsətdən istifadə edərək təmiz enerji, yaşıl nəqliyyat, çirklənmənin və karbon emissiyalarının azaldılması sahələrində əhəmiyyətli irəliləyiş əldə edilməsi istiqamətində birlikdə çalışacaq və bu, “Yaşıl Kəmər və Yol” təşəbbüsünün qurulmasında əməkdaşlığa daha geniş imkanlar yaradacaq”.