CƏMİYYƏT
Yanvar ayının birinci yarısında ekoloji qanun pozuntularına görə 67 akt və protokol tərtib olunmuşdur
Bakı, 22 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən yanvarın 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə aparılan araşdırmanın nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində bir sıra qanun pozuntuları aşkar edilmişdir. Ekoloji qanun pozuntularına görə 67 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün 10 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə 24 iş üzrə 53200 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 12 iş üzrə 1989.64 manat məbləğində iddia qaldırılmışdır. Bundan əlavə, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 356 iş üzrə 67808.72 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 24, məhkəmələrə isə 1 iş göndərilmişdir.