REGİONLAR
YAP Bərdə rayon təşkilatının fəalları erməni təcavüzünün qurbanı olmuş Aysu İsgəndərovanın ailəsinə baş çəkiblər
Bərdə, 2 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı təbliğat qrupu 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid uşaqları üçün bayram tədbiri təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, şəhər 7 nömrəli tam orta məktəbin direktoru Mehparə Mustafayevanın təşkilatçılığı ilə keçirilən tədbir məktəbin şagirdlərinin hazırladıqları sərgi və kompozisiyaya baxışla başlayıb. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Mehparə Mustafayeva YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iştirakçıları təbrik edib, ümumbəşəri dəyərlərin əsas tərkib hissəsi olan uşaqlara diqqət və qayğının göstərilməsindən, bu sahənin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən prioritet istiqamətə çevrilməsindən danışıblar.
Tədbirdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri Nərgiz Şərifova, Şəmsiyyə Abbaszadə, Elçin Cəfərli, Tofiqə Məmmədova, Etibar Hüseynova, Aynurə Eyyubova, Səfurə Hümbətova və şəhid ailələrinin nümayəndələri çıxış edib, uşaqlara təbriklərini çatdırıblar. Tədbir boyunca uşaqların rəngarəng musiqi proqramları bir-birini əvəz edib.
Tədbirdən sonra YAP Bərdə rayon təşkilatının fəalları Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdənin Qarayusifli kəndinin raket atəşinə tutulması nəticəsində həlak olmuş Aysu İsgəndərovanın ailəsinə baş çəkib, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Aysunun bacılarını hədiyyələrlə sevindirməyə çalışıblar.