YAP koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində iri layihələrə müəlliflik edir
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərin qarşısının alınması üçün sistemli tədbirlər həyata keçirilir. Görülən tədbirlər sırasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi də xüsusi diqqət mərkəzindədir.
Yeni Azərbaycan Partiyasından AZƏRTAC-a bildirilib ki, YAP Azərbaycan Prezidenti İlham Əliyev bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi ilə epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə fəal iştirak edib, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirib.
Partiya Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bütövlükdə 500 min manat, Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna isə 30 min manat ianə edib. Eləcə də martın 21-29-da bütün respublika ərazisində ahıl, imkansız və ehtiyacı olan 4500-dən çox ailəyə könüllülər vasitəsilə gigiyenik vasitələr çatdırılıb.
YAP tərəfindən aprelin 4-də start verilmiş və hazırda davam edən növbəti aksiya çərçivəsində dörd mindən çox ailəyə ərzaq və digər yardımlar göstərilib.
Yeni Azərbaycan Partiyasının və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aprelin 4-də başladığı birgə sosial aksiya çərçivəsində indiyədək altı mindən çox ailəyə sosial xidmət göstərilib.