SİYASƏT
YAP Nizami rayon təşkilatı Beynəlxalq Gənclər Günü ilə bağlı tədbir keçirmişdir
Bakı, 13 avqust (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında 12 avqust – Beynəlxalq Gənclər Günü ilə bağlı “dəyirmi masa” keçirilmişdir.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva demişdir ki, gənclər bu gün Azərbaycan dövlətinin aparıcı qüvvəsinə çevrilmişdir. Azərbaycan postsovet məkanında gənclərə xüsusi diqqət ayıran, xüsusi proqramlar qəbul edən, gənclərin bu və ya digər problemlərini müzakirəyə çıxaran yeganə dövlətdir. Dünya ölkələrinin heç birində Azərbaycandakı qədər fəal gənclər siyasəti yürüdülmür. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycanda bütün məsələlərdə gənclərin marağı nəzərə alınır.
Azərbaycan gəncliyi çox böyük təşəbbüskar enerjiyə malikdir və ölkəmizin parlaq gələcəyi naminə görülən işlərin məsuliyyətini üzərinə götürmək iqtidarındadır.
“Dəyirmi masa”da fikir mübadiləsi aparılmış, çıxış edənlər ümummilli lider Heydər Əliyevin gənclərə həmişə böyük qayğı göstərdiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini xüsusi qeyd etmişlər.
Sonra YAP Nizami rayon təşkilatının gəncləri elektron aksiyaya başlamışlar. Dünya gənclərinə müraciət edən YAP Nizami rayon təşkilatının gənc fəalları sosial şəbəkədə müzakirələr aparmışlar.