CƏMİYYƏT
YAP nümayəndə heyəti Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda iştirak edib VİDEO
Bakı, 14 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.
Partiyadan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində noyabrın 14-də nümayəndə heyəti Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunun "Qlobal Cənub: bərabərlik, açıqlıq, əməkdaşlıq” mövzusunda keçirilən açılış mərasimi və plenar iclasında iştirak edib.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsi (ÇKP MK) Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini, BRICS Beyin Mərkəzləri Əməkdaşlığının Çin Şurasının prezidenti Çen Jounun moderatorluğu ilə keçirilən tədbirdə ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao, ÇKP Szyansu vilayət komitəsinin katibi, Szyansu vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Sin Çansin açılış nitqləri ilə çıxış ediblər. Xalqlar və dövlətlərə qarşı çoxsaylı təhdidlərin mövcud olduğu və qlobal kataklizmlərin hökm sürdüyü hazırkı vəziyyətdə Qlobal Cənub ölkələrinin dünyada sülh, təhlükəsizlik və dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi, həmrəylik və qarşılıqlı anlaşma şəraitində əməkdaşlığın həyata keçirilməsi üçün səylərinin birləşdirilməsi və ardıcıl fəaliyyət göstərilməsinin əhəmiyyətindən bəhs olunub. Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunun Çin və tərəfdaş ölkələri bir araya gətirərək qlobal problemlərin həlli yollarının axtarılması, səmərəli fikir və təcrübə mübadiləsinin aparılması, yeni ideyaların irəli sürülməsi və aktual çağırışlardan irəli gələn təşəbbüslərin reallaşdırılması üçün son dərəcə önəmli platforma olduğu diqqətə çatdırılıb.
Plenar sessiyada nitq söyləyən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib: “Bu gün Nankində bir araya gəlməyimiz qlobal prioritetlərin formalaşmasında, bərabərliyə və inklüzivliyə əsaslanan dünyanın yaranmasında Qlobal Cənubun artan rolunu və təsirini əks etdirir”.
YAP Sədrinin müavini bildirib ki, dünya əhalisinin yarıdan çoxunu təmsil edən Qlobal Cənub özündə həm də ciddi siyasi və nəhəng iqtisadi resursları cəmləşdirir. Mövcud beynəlxalq münasibətlər sisteminin böhranı şəraitində qlobal problemlərin artdığı müasir dünyada qarşılıqlı hörmət, ədalət və ortaq məqsədlərə əsaslanan yeni əməkdaşlıq modelinin formalaşması üçün Qlobal Cənub ilə Qlobal Şimalın konstruktiv işbirliyi olduqca vacibdir. Bu kontekstdə Çin Xalq Respublikasının rolu xüsusilə diqqətəlayiqdir. Çinin irəli sürdüyü və bir çox ölkələr kimi, Azərbaycanın da dəstəklədiyi “Bir kəmər, bir yol” layihəsi Qlobal Cənubla Şimalın qarşılıqlı faydalı tərəfdaşlığını xeyli genişləndirmək potensialına malikdir.
O diqqətə çatdırıb ki, bugünkü dialoqu təşkil etməklə Çin inkişaf etməkdə olan ölkələrin səsini gücləndirmək, dünyada qarşılıqlı anlaşmanı təşviq etmək və hər kəsə faydalı olan strateji tərəfdaşlıq üçün zəmin yaratmağa sadiqliyini bir daha göstərir. Qlobal Cənub ölkələri dayanıqlı iqtisadi inkişaf, rəqəmsal transformasiya və sosial tərəqqi üçün yeni standartlar yaratmaq potensialına malikdir.
Tahir Budaqovun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrinin icrasını öz gücü hesabına təmin edərək ərazi bütövlüyünün bərpası ilə çoxillik münaqişəyə son qoyan Azərbaycan təkcə öz suverenliyinin deyil, bütün dünyada sülhün, ədalətin, bərabərliyin müdafiəçisi kimi mövqeyini aydın və qətiyyətlə ortaya qoyur. “Multikulturalizm və dini tolerantlığın ardıcıl tərəfdarı olan Azərbaycan 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə bunu əyani şəkildə nümayiş etdirib, bu gün də müxtəlif siyasi və humanitar forumların təşəbbüskarı, təşkilatçısı kimi çıxış etməkdədir. Vurğulanıb ki, Bakıda keçirilən COP29 - bu, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında fikir mübadiləsi aparmaqla onların həlli yollarını tapmaq, ideya və təcrübə mübadiləsini həyata keçirmək məqsədilə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə Azərbaycanın növbəti töhfəsidir. COP29 tədbiri həm də qlobal kataklizmlərlə mübarizədə səylərin birləşdirilməsi məqsədilə Qlobal Cənub və Qlobal Şimal arasında səmərəli dialoq üçün platformadır”, - deyə YAP Sədrinin müavini əlavə edib.
Tədbirin sonunda Qlobal Cənub Beyin Mərkəzlərinin Alyansının yaradılması haqqında qərar qəbul olunub.