YAP Şərur rayon təşkilatında qarşıda duran vəzifələr müzakirə olunub
Şərur, 1 may, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatının tərkibindəki 87 ərazi ilk təşkilatının 10 min 569 nəfər üzvü var. Bunların 3 min 179 nəfərini, yəni 30 faizini qadınlar, 2 min 929 nəfərini, yaxud 27,7 faizini gənclər təşkil edir. Bu ilin üç ayında YAP sıralarına qəbul olunmuş 48 nəfərin 44-ü gəncdir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə YAP Şərur rayon təşkilatının on birinci şura iclasında danışılıb.
İclasda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev 2019-cu ilin birinci rübündə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, rayon təşkilatının İdarə Heyəti və şura üzvləri iş planına uyğun olaraq fəaliyyətlərini ərazi ilk təşkilatları ilə birgə davam etdirib, yerlərdə sakinlərlə görüşlər keçiriblər. Bu görüşlərdə, əsasən, ölkəmizdə, eləcə də muxtar respublikamızda, o cümlədən rayonda regional inkişaf proqramlarının icrası istiqamətində görülən işlər, tikinti-quruculuq, abadlıq və yaşıllaşdırma tədbirləri barədə ətraflı məlumat verilir, qarşıya qoyulmuş vəzifələr müzakirə olunur.
Diqqətə çatdırılıb ki, gənclərin partiya sıralarına qəbulu ildən-ilə artan templə müşayiət olunur. Bu da onların həyata keçirilən siyasəti dəstəklədiklərini, iqtidar partiyasının üzvü olmaqdan qürur duyduqlarını göstərir.
Müzakirələrdə YAP Şərur rayon təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova, təşkilatın Gənclər Birliyinin sədri Cahandur Məhərrəmov və Şərur şəhər ərazi ilk partiya təşkilatının sədri Məhərrəm Həşimov çıxış ediblər.
Sonda partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri verilib.