Yaponiya, Çin və Cənubi Koreya liderləri mayın 9-da Tokioda görüşəcəklər
Tokio, 2 may, AZƏRTAC
Yaponiya, Çin və Cənubi Koreya liderləri mayın 9-da Tokioda görüşərək, Koreya yarımadasının nüvəsizləşdirilməsi məqsədilə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, Yaponiyanın Baş naziri Şinzo Abe, Çinin Baş naziri Li Keçyan və Cənubi Koreyanın Prezidenti Mun Ce-in koreyalararası danışıqların nəticələri, ümumilikdə dünyada və regionda vəziyyət barədə fikir mübadiləsi aparacaqlar.
Məlumatda qeyd edilir ki, üçtərəfli sammit zamanı Asiya-Sakit okean regionunda dialoq və əməkdaşlığın möhkəmlənməsi üçün Yaponiya, Çin və Cənubi Koreyanın birgə fəaliyyət istiqamətləri əsas mövzulardan biri olacaq.
Həmçinin bildirilir ki, üç ölkənin liderləri Cənubi Koreyada keçirilmiş Qış Olimpiya və Paralimpiya Oyunlarının nəticələrini nəzərə alaraq mədəni əlaqələrin və insanların mübadiləsinin artması üçün diskussiyaya da qatılacaqlar. Bununla yanaşı, sammit zamanı ekologiya, təbii fəlakətlər zamanı risklərin azadılması kimi məsələlər də müzakirə mövzularından olacaq.
Sammit zamanı tərəflər arasında azad ticarətin təşkili məsələlərinin müzakirə ediləcəyi də planlaşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio