DÜNYA
Yaponiya hökuməti koronavirusa yoluxanların sayı artacağı təqdirdə ölkədə yenidən fövqəladə vəziyyət elan edə bilər
Tokio, 1 iyul, AZƏRTAC
Yaponiya hökuməti koronavirusa yoluxanların sayı kəskin şəkildə artacağı təqdirdə ölkədə yenidən fövqəladə vəziyyət rejimi tətbiq edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa iyulun 1-də keçirilən ənənəvi mətbuat konfransında bildirib.
“Tərəfimizdən atılan addımlara baxmayaraq, virusa yeni yoluxanların sayı kəskin şəkildə artacağı təqdirdə fövqəladə vəziyyət rejiminin təkrar elan edilməsi mümkündür”, - deyə baş katib qeyd edib. Bununla yanaşı, Y.Suqa bildirib ki, hazırkı şəraitdə buna ehtiyac yoxdur.
Son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 19 min 481 nəfərə çatıb. İyunun 30-da bütün ölkə üzrə 138 nəfər virusa yeni yoluxan aşkar edilib ki, bu da mayın 4-dən sonra ən yüksək gündəlik göstəricidir. Virusa yoluxanlardan 17 min 200-nün sağaldığı, 985 nəfərin isə həyatını itirdiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio