SİYASƏT
Yaponiya portalı Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündəki çıxışının əsas məqamlarını işıqlandırıb
Tokio, 17 sentyabr, AZƏRTAC
Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündəki çıxışının əsas məqamlarını əks etdirən məlumatlar yayıb.
AZƏRTAC xəbər verir ki, yapon və ingilis dillərində yayılan məlumatlarda Azərbaycanın dövlət başçısının iştirakçıların diqqətini ölkəmizin tranzit və nəqliyyat-logistika imkanlarına cəlb etdiyi xüsusi vurğulanıb. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyini xüsusi qeyd etdiyi əksini tapıb.
Məlumatlarda, həmçinin İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkildiyi də qeyd edilib. Bildirilib ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra region ölkələrinin nəqliyyat imkanları daha da artacaq və bu dəhliz marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim etdiyi də xatırladılıb.
Yazılarda dövlətimizin başçısının cari il sentyabrın 13-də Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdiyini diqqətə çatdırdığını və silahlı qüvvələrimizin bu təxribatın qarşısını qətiyyətlə aldığını vurğuladığı da qeyd edilib. Bununla bağlı Prezident İlham Əliyevin sözləri sitat gətirilib: “Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Məlumatlarda dövlətimizin başçısının Azərbaycanın Qoşulmama Hərəkatına son 3 ildə uğurla sədrlik etdiyi barədə fikirləri də əksini tapıb. Bu səbəbdən ölkəmizin quruma sədrliyinin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadıldığı qeyd edilib.
Yazılarda Azərbaycan Prezidentinin Çin, Türkiyə, Özbəkistan və Rusiya liderləri ilə keçirdiyi ikitərəfli görüşlər barədə də məlumat verilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio