Yaponiyada sakura bu il də tez çiçəkləyəcək
Tokio, 28 yanvar, AZƏRTAC
Yaponiyanın böyük hissəsində soyuq havaların davam etməsinə baxmayaraq, Milli Meteorologiya Agentliyinin yaydığı məlumata əsasən bahar çox da uzaq da deyil.
AZƏRTAC xəbər verir ki, Osakada yerləşən şirkətin yapon gilənarının çiçəkləməsi proqnozu ölkədə sakuranın pərəstişkarlarını çox sevindirib.
Həmin proqnoza əsasən, Yaponiyada sakura ilk olaraq Koti prefekturasında çiçəkləməyə başlayacaq. Burada baharın müjdəsini gətirən sakura ağacları martın 18-də çiçəkləyəcək. Bundan sonra martın 20-də Fukuoka prefekturasındakı sakuraların çiçək açacağı proqnozlaşdırılır. Tokio və Naqoya şəhərlərinin sakinləri bunu martın 22-də, Kioto və Osaka əhalisi isə müvafiq olaraq martın 25-də və 27-də müşahidə edəcəklər.
Daha soyuq havanın hökm sürdüyü alplarda və şimal rayonlarında bahar bir qədər gec gələcək. Belə güman edilir ki, sakura ağacları Kanazavada aprelin 2-də, Naqano və Sendayda aprelin 9-da, Aomori və Sapporoda isə aprelin 24-də və mayın 4-də çiçəkləyəcək.
Məlumat üçün bildirək ki, şirkət bu proqnozunu Yaponiyada daha çox yayılmış gilənar ağaclarının somey-yoşino növünə əsasən elan edir. Bu zaman proqnoz bütün ölkə üzrə təqribən min məntəqədə əkilmiş həmin ağacların yatdığı və inkişaf dövründə malik olduğu temperatur nəzərə alınmaqla xüsusi formul əsasında irəli sürülür.
Proqnoza əsasən, bütün ölkədə oktyabr ayından başlayaraq müşahidə edilən qış temperaturunun yüksək olması bir çox rayonlarda sakuranın çiçəkləməsini sürətləndirə bilər.
Tokioda və Yaponiyanın şərqində yerləşən digər şəhərlərdə ağacların tam çiçəklədiyi dövrün martın sonlarında müşahidə ediləcəyi proqnozlaşdırılır. Yaponiyanın qərbində isə çiçəklərin hanami fəslinin zirvəsinə aprelin ilk günlərində çatacağı və aprelin ortalarından başlayaraq şimala doğru geniş cəbhədə hərəkət edəcəyi gözlənilir.
Təbii ki, hava şəraitinin kəskin dəyişməsi ilkin proqnoza təsir göstərə bilər və şirkət son məlumatlar nəzərə alınmaqla öz proqnozunu yeniləyəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio