DÜNYA
YAPONİYANIN KƏND TƏSƏRRÜFATI NAZİRİ İSTEFA VERMİŞDİR
AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Yaponiyanın kənd, meşə və balıqçılıq təsərrüfatı naziri Takehiko Endo sentyabrın 3-də, yeni hökumətin formalaşdırılmasından düz bir həftə sonra istefa vermişdir.
T.Endo Baş nazir Sindzo Abe ilə onun iqamətgahında görüşmüş və öz qərarı haqqında məlumat vermişdir. O, Baş nazirin qəbulundan sonra jurnalistlərin suallarına cavab verməkdən imtina etmiş, lakin daha sonra mətbuat konfransında məsələyə aydınlıq gətirmək fikrində olduğunu bildirmişdir.
Bir gün əvvəl Endo başçılıq etdiyi kənd təsərrüfatını dəstəkləmə təşkilatının dövlət büdcəsindən qanunsuz bir milyon yendən çox (təxminən 10 min dollar) vəsait almasında ifşa olunmuşdu. Hələ sentyabrın 1-də, o həmin faktı etiraf etmiş, lakin istefa verməsinin mümkünlüyü haqqında ehtimalları rədd etmişdi.
Bu vəzifədə Endonun iki sələfinın də maliyyə fırıldaqlarında əli olmuşdur. Onlardan biri - Tosikatsu Matsuoka mənzilində özünü asmışdır. Onu əvəz edən Norihiko Akagi də mövcüd olmayan ofisin saxlanması üçün büdcə vəsaitindən qanunsuz istifadə etmişdir.