İQTİSADİYYAT
Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi geri qaytarılır
Bakı, 5 may, AZƏRTAC
“ƏDV geri al” layihəsinin uğurlu nəticələri onun əhatə dairəsinin genişləndirilməsini təmin edir. Belə ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi geri qaytarılır.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmaları da yeni nəsil NKA-lar vasitəsilə həyata keçirilir və həmin şəxslər tərəfindən verilən çeklər əsasında istehlakçılara ƏDV geri qaytarılır. Eyni zamanda, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi həcmində ƏDV-nin fiziki şəxs olan istehlakçılara geri qaytarılması barədə qanunvericiliyə dəyişiklik edilib.
Göründüyü kimi, stimullaşdırıcı alətlərdən qaynaqlanaraq mühüm hədəflərə çatmağa töhfə verən “ƏDV geri al” layihəsinin potensialı böyükdür və əldə edilmiş nəticələr daha yüksək nailiyyətlər üçün nikbin proqnozlar yaradır.