COP29
Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri üzrə Beynəlxalq Mərkəz: COP29 ətraf mühit naminə əməkdaşlıq platformasıdır
Astana, 27 noyabr, AZƏRTAC
Bakıda COP29-un təşkili yüksək hazırlıq səviyyəsini nümayiş etdirib.
Bu barədə AZƏRTAC -a müsahibəsində Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri Mərkəzinin İdarə Heyətinin sədr müavini Bekejan Jakeyev bildirib.
Onun sözlərinə görə, konfransda bir çox ölkədən nümayəndələr iştirak edib, onlar iqlim dəyişikliyi ilə mübarizəyə ciddi yanaşma nümayiş etdiriblər. Görüşlərdə perspektivlər müzakirə edilib, ekoloji problemlərin həllində əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilib.
“Bu, həqiqətən də əlamətdar hadisədir. Belə tədbirlər bizə Yer kürəsinin ümumi evimiz olduğunu və yalnız birgə səylərlə səmərəli qərarlar qəbul edə biləcəyimizi qavramağa kömək edir ”, - deyə o qeyd edib.
B.Jakeyev vurğulayıb ki, inkişaf etməkdə olan ölkələrə hər il maliyyə vəsaitinin ayrılması ilə bağlı əldə olunmuş razılaşma irəliyə doğru atılmış mühüm addımdır. “Yeni iqtisadi modelə ədalətli keçid lazımdır”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, ənənəvi iqtisadiyyatdan yaşıl iqtisadiyyata keçid böyük investisiyalar tələb edir, onlar olmadan bu transformasiya mümkün deyil. Müasir qlobal tendensiyalar biznesi ətraf mühitə uyğunlaşmağa yönəldir.
“Belə bir qlobal gündəm bütün bazar iştirakçılarının nizam-intizamını və onların ekoloji gələcək üçün məsuliyyətini artırır”, - deyə Jakeyev sözlərini yekunlaşdırıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana