SİYASƏT
Yekaterinburqda 28 May – Respublika Günü münasibətilə tədbir keçirilmişdir
Bakı, 26 may (AZƏRTAC). Mayın 25-də Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın Baş konsulluğunun və Sverdlovsk vilayətində fəaliyyət göstərən diasporumuzun birgə təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Sverdlovsk vilayətinin parlament aparatının rəhbəri Mixail Boçkaryov, vilayətin qubernator administrasiyası rəhbərinin birinci müavini Aleksandr Aleksandrov, beynəlxalq və xarici iqtisadi əlaqələr nazirinin müavini Vladimir Solovarov, ombudsman Tatyana Merzlyakova, Yekaterinburq şəhərinin yüksək səviyyəli rəsmiləri iştirak etmişlər.
Tədbirdə Yekaterinburqda akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları, burada təhsil alan azərbaycanlı tələbələr, Sverdlovsk vilayətində fəaliyyət göstərən diaspora təşkilatlarımızın nümayəndələri də iştirak etmişlər.
Tədbirdə çıxış edən Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov müstəqillik dövründə ölkəmizin keçdiyi tarixi inkişaf yolu haqqında məlumat vermişdir. Bildirilmişdir ki, müstəqilliyinin ilk illərində Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Məhz 1993-cü ildə yaranmış ağır vəziyyətlə əlaqədar xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda xaos və anarxiyaya son qoyulmuş və ölkədə bütün sahələrdə ciddi islahatlar həyata keçirilməyə başlanmışdır.
S.Qasımov ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın iqtisadi baxımdan əhəmiyyətli dərəcədə güclənərək regionun lider dövlətinə çevrildiyini və dünya birliyində layiqli yer tutduğunu xüsusi vurğulamışdır.
Qonaqlara Azərbaycan milli mətbəxinin ləziz nümunələri təqdim edilmişdir.