Yeni Azərbaycan Partiyasının mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının iclası keçirilmişdir
Bakı, 6 mart (AZƏRTAC, Ülviyyə Məmmədli). Martın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin iclasın gündəliyi haqqında məlumat vermişdir. Bildirilmişdir ki, gündəliyə komissiyanın 2014-cü il üçün iş planı və qurumun sədr müavininin seçilməsi daxildir.
M. Zabelin iş planı haqqında məlumat verərək bildirmişdir ki, komissiyanın il ərzində bir sıra tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Belə ki, “Tolerantlıq və millətlərarası həmrəylik müstəqil Azərbaycan dövlətinin əsas uğurudur” mövzusunda “dəyirmi masa”nın və “Azərbaycan dövlətində milli siyasət, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Bundan başqa, komissiya “Müasir dövrdə Azərbaycanda etnik mədəniyyət”, “Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyəti Azərbaycan xalqının sərvətidir”, “Qloballaşma dövründə mədəniyyətlərarası münasibətlərə kulturoloji baxış” və s. mövzularda tədbirlər keçirməyi nəzərdə tutur. Həmçinin komissiya başqa dövlət və xalqlarla mədəni əlaqələrin genişləndirilməsi istiqamətində müəyyən təşəbbüslərlə çıxış edəcəkdir.
Komissiyanın üzvləri çıxış edərək iş planına dair fikir və təkliflərini səsləndirmişlər.
Müzakirələrin sonunda bir sıra təkliflər nəzərə alınmaqla 2014-cü il üçün iş planı təsdiq edilmişdir.
Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Yevda Abramov komissiyanın sədr müavini seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2025 [18:44]
Milli Məclisin iclasında 12 məsələ müzakirə olunub YENİLƏNİB
- 24.06.2025 [18:38]