YENİ ELEKTRON ATS-LƏR İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 27-də Qəbələ rayonunun Belıx və Çuxur Qəbələ kəndlərinin hər birində 256 nömrə tutumu olan yeni elektron ATS-lər istifadəyə verilmişdir.
ATS-lərin açılış mərasimlərində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Şamaxı, İsmayıllı, Qəbələ və Oğuz rayonları üzrə səlahiyyətli nümayəndəsi Cümşüd Dadaşov, “Aztelekom” İB-nin nümayəndəsi Vaqif Hidayətov, rayon icra hakimiyyəti başçısının müavini Səməd Səmədov çıxış edərək ölkəmizin bütün bölgələrində, o cümlədən Qəbələdə əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətinin gündən-günə yaxşılaşmasından, abonentlərin beynəlxalq rabitə xəttinə çıxışının təmin olunması istiqamətində geniş iş aparılmasından, müasir standartlara uyğun informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunmasının əhəmiyyətindən danışmışlar.
Natiqlər kənd sakinlərini 28 May - Respublika günü və yeni ATS-lərin istifadəyə verilməsi münasibətilə təbrik etmişlər.
Rayon telekommunikasiya qovşağının rəisi Şahin Tağıyev bildirmişdir ki, bu ilin sonunadək Qəbələnin bütün yaşayış məntəqələri müasir tələblərə cavab verən rabitə vasitələri ilə əhatə olunacaqdır. Hazırda Qəbələdə 58 kəndi əhatə edən 24 elektron ATS fəaliyyət göstərir.
Belıx kənd EATS-dən Məlikli və Süleyli, Çuxur Qəbələ kənd EATS-dən isə Tola kəndlərinin abonentləri də istifadə edə biləcəklər.
Bu günlərdə rayonun Bunud və Nohurqışlaq kəndlərinin hər birində 256 nömrəlik, Aydınqışlaq kəndində isə 384 nömrəlik elektron ATS üçün yeni binalar tikilmiş, hazırda bu binalarda avadanlıq quraşdırılır. Gələn ay həmin ATS-lərin istifadəyə verilməsi nəzərdə tutulur.
Cari ilin sonunadək Tikanlı kəndində 256 nömrəlik, hərbi şəhərcikdə isə 608 nömrəlik elektron ATS-lərin quraşdırılması planlaşdırılır. Bununla da bütün kəndlərdəki telefonların elektronlaşdırılması prosesi başa çatdırılacaqdır.