Yeni Günəşlidə 150-dən çox hündürmərtəbəli binanı istiliklə təmin edən qovşağın qaz təchizatı yaxşılaşdırılıb


Bakı, 30 oktyabr, AZƏRTAC
Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində 150-dən çox hündürmərtəbəli binanı istiliklə təmin edən 9 saylı Rayon İstilik Qovşağının qaz təchizatı yaxşılaşdırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, qeyd edilən qazanxana kompleksinə qazın verilməsi üçün kəmərlər elə Yeni Günəşli qəsəbəsinin əsası qoyulan zaman - ötən əsrin 70-80-ci illərində çəkilib. Ötən dövr ərzində qaz kəməri ayrı-ayrı hissələrdə korroziyaya uğrayıb, qaz sızmalarının sayı artıb. Ona görə də bu kəmərin yenisi ilə əvəz edilməsi qərara alınıb. “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin sentyabrın 15-də çəkilişinə başladığı kəmər bu gün mənbəyə birləşdirilib. Beləliklə, qış mövsümündə qazanxana normal təzyiqdə qazla təmin ediləcək.
Qeyd edək ki, görülən işlər çərçivəsində ümumi uzunluğu 150 metr olan 280 millimetr diametrində yeraltı polietilen və 270 metr uzunluğunda 273 millimetr diametrində yerüstü polad qaz xətləri çəkilib.