Yeni tədqiqat: Oturaq həyat tərzi Altsheymer xəstəliyini ağırlaşdıra bilər

Bakı, 14 may, AZƏRTAC
ABŞ neyrofizioloqları müəyyən ediblər ki, oturaq həyat tərzi beyində boz maddənin həcminin güclü azalmasına və Altsheymer xəstələrində epizodik yaddaşın pisləşməsinə gətirib çıxarır. Vanderbilt Universiteti Tibb Mərkəzinin (VUMC) tədqiqat materialında deyilir ki, bu, xüsusilə APOE4 mutasiyası olan ən həssas xəstələrə aiddir.
Tibb Mərkəzinin professoru Angela Cefferson tədqiqatın təfərrüatlarını açıqlayıb: “Bizim tapıntılar göstərir ki, Altsheymer xəstəliyi olan insanlar ağıllarının və yaddaşlarının zəifləməsini yavaşlatmaq üçün oturmağa mümkün qədər az vaxt sərf etməlidirlər. Bu, xüsusilə xəstəliyə genetik meyli olan yaşlı xəstələrə aiddir, beyin sağlamlığını yaxşılaşdırmaq üçün onlar gün ərzində fasilələr verməli, ayağa qalxmalı və hərəkət etməlidirlər”.
Neyrofizioloqlar 50 və daha yuxarı yaşlı 400 Altsheymer xəstəsinin beyin vəziyyətinin və idrak qabiliyyətinin yeddi il ərzində necə dəyişdiyini müşahidə edərkən bu qənaətə gəliblər. Bunlara həm demensiyanın inkişaf ehtimalını və pisləşmə sürətini kəskin şəkildə artıran APOE4 mutasiyasının daşıyıcıları, həm də bu xəstəliyə genetik meyli olmayan xəstələr daxildir.
Tədqiqat çərçivəsində neyrofizioloqlar nəinki vaxtaşırı tomoqraflardan istifadə etməklə könüllülərin beyninin strukturunda baş verən dəyişiklikləri, həm də akselerometrlər və digər sensorlar vasitəsilə onların mövqeyini və hərəkətlərini müşahidə ediblər. Professor Cefferson və onun həmkarlarının qeyd etdiyi kimi, bu məlumatlar elm adamlarına ilk dəfə olaraq Altsheymer xəstəliyinin inkişafına iki fərqli, lakin ehtimal ki, bir-biri ilə əlaqəli olan amili - fiziki aktivliyin səviyyəsini və oturaq həyat tərzinin xəstələrə necə təsir etdiyini yoxlamağa imkan verib. Tədqiqatçılar bu ideyanı rəhbər tutaraq, müxtəlif həyat tərzi və fiziki aktivlik səviyyələri olan könüllülərdə beyindəki boz maddənin həcminin və onun strukturunun, eləcə də koqnitiv qabiliyyətlərin necə dəyişdiyini müqayisə ediblər. Bu müqayisə göstərib ki, oturaq həyat tərzi keçirən iştirakçılar aktiv idmanla və ya digər fiziki fəaliyyətlərlə məşğul olsalar belə, onlarda beyin degenerasiyası sürətlənib və epizodik yaddaş zəifləyib. Bu təsir gündəlik təxminən 1000-1100 dəqiqə oturaraq və ya uzanaraq vaxt keçirən pasiyentlər arasında daha çox nəzərə çarpırdı. Onların beyin qabığının orta qalınlığı 6 faiz az olub. Bu, xüsusilə bir və ya iki APOE4 mutasiyasının daşıyıcılarına aiddir və Altsheymer xəstəliyi olan ən həssas xəstələr üçün tövsiyələr hazırlayarkən nəzərə alınmalıdır.