REGİONLAR
Yeni tədris ilində Şəki-Zaqatala bölgəsində 7 minə yaxın uşaq ilk dəfə birinci sinfə qədəm qoyacaq
Zaqatala, 16 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
2024-2025-ci tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əhatə etdiyi 360 ümumtəhsil müəssisəsində 82 min 342 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 11 min 382 müəllim məşğul olacaq. Cari tədris ilində şimal-qərb bölgəsi üzrə ilk dəfə birinci sinfə qədəm qoyacaq şagirdlərin sayı isə 6 min 964 nəfərdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Zaqatala rayonu Muğanlı kənd tam orta məktəbin yeni binasının açılış mərasimində jurnalistlərə açıqlamasında məlumat verib.
Yeni tədris ilinin ilk günündə Muğanlı kəndində yeni məktəb binasının istifadəyə verilməsinin rayonun, eləcə də bölgənin təhsil həyatı üçün ikiqat bayram olduğunu vurğulayan idarə müdiri təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlərin ardıcıl davam etdiriləcəyini diqqətə çatdırıb.
Günay Mahmudova bildirib ki, tədris ilində regional idarənin tabeliyində olan 4 məktəb binasının yenidən tikilərək istifadəyə verilməsi planlaşdırılır. Hazırda Balakən rayonunun Bedaxar kəndində tam orta məktəb üçün yeni bina tikilir. Şəki şəhər 18 nömrəli tam orta məktəbin binası da sökülərək yenidən tikiləcək. Artıq həmin məktəbdə söküntü işlərinə başlanılıb. Bundan əlavə, bu il Şəki rayonunun Köndələn və Qəbələ rayonunun Bılıx kənd tam orta məktəbləri üçün də yeni binaların tikilib istifadəyə verilməsi nəzərdə tutulur.