Yeniyetmə güləşçilər Balakəndə yarışırlar
Balakən, 27 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 27-də Balakən Olimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında respublika birinciliyinin final mərhələsi başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışlarda respublikamızın 30-dan çox şəhər və rayonunu təmsil edən 210 güləşçi mübarizə aparır. İdmançılar 15 çəki dərəcəsi üzrə yarışırlar.
Birinciliyin açılış mərasimində Gənclər və İdman Nazirliyinin məsul nümayəndəsi Yaşar Rzayev və Balakən Rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov çıxış edərək, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, idmançılara uğurlar arzulayıblar.
Yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Qərib Əliyevdir.
Respublika birinciliyinin final mərhələsi üç gün davam edəcək.