İDMAN
Yeniyetmə taekvondocular Avropa çempionatına hazırlasırlar
Bakı, 9 avqust (AZƏRTAC) Taekvondo üzrə yeniyetmələrdən ibarət seçmə komandamızın Qəbələdə geniş təlim-məşq toplantısına start verilmişdir.
AZƏRTAC xəbər verir ki, komandanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə məşqlərə 18 idmançı qatılmışdır. Olimpiya kompleksində keçirilən təlim-məşqləri gün ərzində 2 dəfə olmaqla texniki-taktiki hazırlıqlarla avqustun 17-dək davam edəcəkdir.
Xatırladaq ki, yeniyetmə taekvondoçularımızı 20-24 avqust tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində keçiriləcək Avropa çempionatı gözləyir. Olkəmizi bu möhtəbər turnirdə Ümid Məmmədov (-33 kg), Əli İsazadə (-37 kg), Cavid Məmmədov (-41 kg), Əli Məmmədov (-45 kg), Bəxtiyar Həsənov (-49 kg), Nurlan Fətəliyev (-53 kg), Nicat Əsgərli (-57 kg), Ələsgər Əliyev (-61 kg), Mirəli Hüseynov (-65 kg), Sevda Pirseyidova (-29 kg), Nərgiz Mirzəyeva (-33 kg), Cəvarət Dövlətova (-44 kg), Məleykə Quliyeva (-51 kg) təmsil edəcəklər.