DÜNYA
“Yoxsulluğa qarşı yürüş”ün iştirakçıları Buxarestin mərkəzinə daxil olublar

Buxarest, 20 oktyabr, AZƏRTAC
Rumıniyada keçirilən “Yoxsulluğa qarşı yürüş” adlı etiraz aksiyasının yüzlərlə iştirakçısı Buxarestin mərkəzinə daxil olublar.
AZƏRTAC xəbər verir ki, etiraz edən vətəndaşlar “Yaşadığımız kimi yaşa!” və “Xalq əleyhinə siyasətə yox!” yazılmış plakatlarla yürüş ediblər. Etirazçılar pirotexniki vasitələrdən istifadə etməyə çalışsalar da, buna polis icazə verməyib.
Hazırda Buxarestin əsas küçə və meydanlarında vəziyyət sakit olaraq qalır. Tədbirin təşkilatçılarının məlumatına görə, yaxın bir neçə saat ərzində paytaxta 40 mindən çox insan toplaşacaq. Fəallar maaşların və pensiyaların artırılmasını, yeni müavinətlər sisteminin tətbiqini və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Yoxsulluq yürüşü artıq Rumıniyanın 40 yerində keçirilib və ümumilikdə 100 mindən çox insanı bir araya toplayıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest