SİYASƏT
YOXSULLUĞUN ARADAN QALDIRILMASI UĞRUNDA BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜ İLƏ ƏLAQƏDAR BMT BAŞ KATİBİNİN MÜRACİƏTİ YAYILMIŞDIR
BMT-nin baş katibi Kofi Annan oktyabrın 17-də qeyd edilən yoxsulluğun aradan qaldırılması uğrunda beynəlxalq mübarizə günü münasibətilə müraciətlə çıxış etmişdir. Müraciətdə deyilir ki, Birləşmiş Millətlər Təşkilatının iki il bundan əvvəl keçirdiyi Minilliyin zirvə toplantısında dünyanın bütün ölkələrinin rəhbərləri Minilliyin bəyannaməsini qəbul etmişlər. Bəyannamədə yeni yüzillikdə insan potensialının inkişafı uğrunda mübarizənin öncül istiqamətləri sırasında insan ləyaqətini alçaldan dözülməz yoxsulluqdan yaxa qurtarmaq üçün hər cür səy göstərmək barədə öhdəlik də vurğulanmışdır. Bu istiqamətdə müəyyən tərəqqi əldə edilmişdir. Son məlumatlara görə, inkişaf etməkdə olan ölkələrdə gündə bir dollardan az gəliri olan adamların sayı 1990-cı ildəki üçdə bir dəfədən 1999-cu ildə dörddə bir dəfəyədək azalmışdır. Lakin Afrikanın, Latın Amerikasının, Yaxın Şərqin və Şimali Afrikanın bəzi ölkələrində, habelə keçid iqtisadiyyatlı olan bir sıra ölkələrdə yoxsul əhalinin mütləq sayı artmışdır.
Kofi Annan öz müraciətində bütün dünyada ictimaiyyətin bu istiqamətdə səfərbər olunmasına yönəldiləcək minilliyin kampaniyasının başlandığını elan etmişdir. Bununla əlaqədar BMT-nin baş katibi görülən işlər barədə hər il məruzə təqdim edəcəkdir. Müraciətdə vurğulanır ki, inkişaf etmiş ölkələr bu prosesdə xüsusi qlobal məsuliyyət daşıyırlar.