CƏMİYYƏT
Yüksək texnologiyalı xüsusi idman protezi ilə təmin olunan müharibə iştirakçılarının qaçış turniri təşkil edilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yüksək texnologiyalı xüsusi idman protezi ilə təmin edilmiş Vətən müharibəsi iştirakçıları arasında qaçış turniri təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadion kompleksində keçirilən tədbirdə veteranlar 100 metrə qaçış üzrə yarışıblar.
Vətən müharibəsi iştirakçısı Bəkir Əsgərzadə 100 metri 16,7 saniyəyə qət edərək qalib olub. İştirakçılara sertifikatlar və qaliblərə medallar təqdim olunub.
Vətən müharibəsindən sonrakı dövrdə nazirlik tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 489 hərbçi 598 yüksək texnologiyalı protezlə təmin edilib.
Eyni zamanda, həmin şəxslərin yüksək texnologiyalı xüsusi idman protezləri ilə də təminatı həyata keçirilir. Danimarkanın “Levitate” şirkətinin Türkiyə və Azərbaycan üzrə təmsilçisi “Bionic Center Prosthetics Orthotics” tərəfindən istehsal edilən bu protezlər idman oyunlarında daha sərbəst, rahat hərəkətlər etməyə imkan verir.