İDMAN
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi İranda ilk məşqinə çıxmışdır
Tehran, 22 yanvar (AZƏRTAC). Xəbər verdiyimiz kimi, yanvarın 23-dən 24-dək İran İslam Respublikasında yunan-Roma güləşi üzrə 34-cü “Yadigar İmam Kuboku” Beynəlxalq turniri keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Tehrandakı “7 tir” Arenada təşkil olunacaq yarışda yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası da mübarizə aparacaqdır.
Yanvarın 21-də Cahanbəxt Tofiq İdman Mərkəzində Azərbaycan millisi ilk məşqinə çıxmışdır. Məşqçilər Fuad Rəhmani və Saman Əhmədinin rəhbərliyi altında güləşçilərimiz müxtəlif tapşırıqları yerinə yetirmiş və hazırlıq planı üzrə təlim keçmişlər.
Millimizin heyətində Elman Muxtarov (59 kq), Azad Əliyev (66 kq), Hacımurad Bağmanov (71 kq), Niyaməddin İbrahimov (75 kq), Elvin Mürsəliyev (80 kq), Orxan Nuriyev (85 kq), Araz Həsənov (98 kq) və Valera Rodriqes (130 kq) yer almışlar.
Beynəlxalq dərəcəli hakim Kamran Əliyev görüşlərin idarə olunmasında iştirak edəcəkdir.
Yarışda Azərbaycanla yanaşı, İran, Türkiyə, Koreya Respublikası, Yaponiya, Gürcüstan, Macarıstan, İsveç və Ermənistandan olan pəhləvanlar mübarizə aparacaqlar.
Səxavət Quliyev,
AZƏRTAC-ın müxbiri
Tehran