REGİONLAR
Yves Bouvie: Köçkünlərin qısa zamanda öz yurdlarına qayıdışını təmin etdiyinə görə Azərbaycan hökumətini alqışlayıram
Ağdam, 26 oktyabr, A.Yavərzadə, AZƏRTAC
Mən belçikalıyam. 33 nəfərlik səyyah qrupu ilə Qarabağa səyahət etmək, burada Azərbaycan tərəfindən görülən bərpa-quruculuq işləri ilə tanış olmaq imkanına görə təşəkkürümü bildirmək istərdim.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Piki Reels” klubunun rəhbəri Yves Bouvie deyib.
“Bu gün biz Şuşa şəhərində olduq. Şuşaya ilk səfərimi 2022-ci ildə etmişəm. Həmin vaxt çoxlu dağıntılar var idi. Bu gün Şuşada yeni tikintiləri görmək olduqca heyranedicidir. Biz, həmçinin Füzuli və Ağdam şəhərlərində də olduq. 2022-ci illə müqayisədə burada böyük işlər görülüb. Keçmiş məcburi köçkünlərin qısa bir zamanda öz dədə-baba yurdlarına qayıdışını təmin etdiyinə görə Azərbaycan hökumətini alqışlayıram”, - deyə o əlavə edib.
Qeyd edək ki, Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyah qrupunun işğaldan azad olunan torpaqlarımıza səfəri başlayıb. Xarici səyyahlar erməni işğalı zamanı törədilən vandalizm barədə məlumatlandırılır, həmçinin azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq işlərinə şahidlik edirlər.
Ümumiyyətlə, dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Bu səfərlərdə, 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.
“Piki Reels” klubunun bu səfəri isə sayca 12-cidir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün mühüm əhəmiyyət daşıyır.