COP29
Zambiyalı iştirakçı: COP29-da alternativ enerji mənbələri ilə bağlı digər ölkələrin təcrübəsini öyrənmək istəyirik
Bakı, 22 noyabr, AZƏRTAC
Mən ilk dəfədir ki, COP konfransında iştirak edirəm. Burada olmağımın əsas səbəbi yeni təcrübələr qazanmaqdır.
Bunu AZƏRTAC-a açıqlaması zamanı zambiyalı iştirakçı Syuzan Siamundele bildirib.
Zambiyalı iştirakçı ölkəsindəki iqlim problemlərindən danışaraq bildirib ki, ötən il güclü quraqlıqla üzləşiblər. Onun sözlərinə görə, bu təbiət hadisəsi ölkədə bir çox iqtisadi sahəyə ziyan vurub.
“Quraqlıq səbəbindən kənd təsərrüfatı və qida sənayesi ciddi təhlükə ilə qarşılaşdı. Məlum faktdır ki, Zambiyanın qida sənayesi birbaşa yağışlardan asılıdır. Çünki bizim inkişaf etmiş irriqasiya sistemlərimiz yoxdur. Enerji sektoruna gəlincə, Zambiyanın enerji resursları hidroenerji mənbələrindən asılıdır. Ötən il güclü quraqlıq səbəbindən çaylarımızda suyun səviyyəsi aşağı endi və oktyabr-noyabr aylarında əhaliyə hər gün cəmi 3 saat elektrik enerjisi verilib. Təbii ki, bu bizim ticarət sektoruna ciddi təsir göstərdi. Buna baxmayaraq Zambiyada müxtəlif alternativ enerji mənbələri də mövcuddur və biz COP29-da iştirak edərək bu sahədə digər ölkələrin təcrübəsini öyrənmək istəyirik”, - deyə o qeyd edib.
Zambiyalı qonaq ölkəmizlə bağlı təəssüratlarını da bildirib: “Azərbaycan çox gözəl ölkədir və ümid edirəm ki, ölkənizi gəzəcəm”.