İQTİSADİYYAT
Zaqatalada meyvə-tərəvəzin saxlanması üçün yeni soyuducu anbarlar inşa edilir
Zaqatala, 8 fevral (AZƏRTAC). Zaqatala rayonunda kənd təsərrüfatı məhsullarının uzun müddətə saxlanması üçün yerli sahibkarlar tərəfindən 2 ədəd soyuducu anbar tikilir.
Şəhər ərazisində tikintisi davam etdirilən 864 kvadratmetr sahəsi olan soyuducu anbarın 1000 ton, Yuxarı Tala kəndində quraşdırılan anbar binasının isə 200 ton tutumu olacaqdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, soyuducu anbarların istifadəyə verilməsi nəticəsində kənd təsərrüfatı məhsullarının saxlanması, əhalinin ilin bütün fəsillərində meyvə və tərəvəz məhsulları ilə təmin edilməsi sahəsində mövcud olan problemlər qismən də olsa, aradan qaldırılacaq, yeni iş yerləri yaranacaqdır. Bundan əlavə, Əliabad qəsəbəsində 10 min ton tutumu olan taxıl anbarının tikintisi üçün kredit alınması istiqamətində də iş aparılır.
2011-ci ildə rayonda 26 min ton meyvə, 18 min tondan artıq tərəvəz istehsal olunmuşdur.