Zaqatalada şəhidlərin xatirəsi anılıb
Zaqatala, 8 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şanlı Zəfərlə başa çatan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində əzəli Qarabağ torpaqlarımızı erməni faşizmindən azad edib. Ərazi bütövlüyümüz uğrunda başlanan savaşda Zaqatalanın qəhrəman oğulları da rəşadətlə vuruşublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən Zaqatala rayonunun igid oğulları – Aşağı Tala kəndindən Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov, Qımır kəndindən Musa Nuhiyev, Yeni Suvagil kəndindən Fəqan Məmmədov, Yuxarı Çardaxlar kəndindən Əhməd Laçınov, Əliabad qəsəbəsindən İsmayıl İrapov və digər şəhidlərin, həmçinin Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı şəhid Natiq Məmmədovun şəhadətə yüksəlmələrinin ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.
Şəhidlərin ildönümü ilə əlaqədar Milli Məclisin deputatı Asif Əsgərov, rayon icra hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri və kənd sakinləri onların məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.
Mərasimlərdə 44 günlük Vətən müharibəsində, eləcə də erməni silahlı birləşmələrinin Qarabağda törətdikləri genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin keçdiyi şərəfli döyüş yolundan danışılıb, onların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.
Şəhidlərin doğmaları ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.