REGİONLAR
Zaqatalada üzümçülük və meyvəçiliyin inkişaf etdirilməsi diqqət mərkəzindədir
Zaqatala, 19 yanvar (AZƏRTAC). 2011-ci ildə Zaqatala rayonunda üzümçülüyün və meyvəçiliyin inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, keçən il Muğanlı kəndinin ərazisində 4 hektarda yeni üzüm bağı salınmış, mövcud üzüm bağlarının sahəsi 60 hektara çatdırılmışdır. Bu bağların 26 hektarı bar verir. İl ərzində rayonda 587 ton üzüm istehsal olunmuşdur. Cari ildə rayonda üzüm bağlarının 100 hektara çatdırılması nəzərdə tutulur.
Rayonda ənənəvi sahələrdən olan meyvəçiliyin inkişafı da diqqət mərkəzindədir. 2011-ci il ərzində meyvə bağlarının bərpası və yeni bağların salınması istiqamətində əməli tədbirlər həyata keçirilmişdir. Becərilən meyvə bağları əvvəlki ilə nisbətən 400 hektar artırılaraq, 11 min 134 hektara çatdırılmışdır.
2011-ci ildə rayonda 26 min 462 ton meyvə istehsal olunmuşdur. Bu, əvvəlki illə müqayisədə 989 ton çoxdur.