CƏMİYYƏT
Zaur İbrahimov: Ermənistanın son təxribatı Ordumuzun hərbi üstünlüyünü, xalqımızın birliyini nümayiş etdirdi
Bakı, 16 sentyabr, AZƏRTAC
Diqqətlə təhlil etsək, Ermənistanın Azərbaycanla dövlət sərhədində 12-14 sentyabrda törətdiyi təxribat 2020-ci il iyulun 12-də baş vermiş hadisələri xatırladır. Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. İki əvvəl olduğu kimi Ermənistanın siyasi-hərbi rəhbərliyi beynəlxalq vasitəçilərin iştirakı ilə aparılmış danışıqlarda və ikitərəfli müzakirələrdə üzərinə götürdüyü öhdəlikləri, əldə olunmuş razılaşmaları yerinə yetirməkdən imtina etmək üçün hərbi təxribata əl atdı.
Bunu AZƏRTAC-a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.
Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunda çıxışı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün son bir ildə əldə olunan razılaşmalar, xüsusən ölkə rəhbərlərinin avqustun 31-də Brüssel şəhərində Avropa İttifaqının vasitəçiliyi ilə aparılmış müzakirələrin nəticələrindən imtina etdi: “O, bunun ardınca məhz 12 sentyabrdan başlayaraq Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi təxribatlara əl atdı. Bütün bunlar göstərir ki, Ermənistan uzun müddətdir revanşa hazırlaşır və bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaradır. Laçının təhvil verilməsi Ermənistan hakimiyyəti üçün növbəti ağır zərbə oldu və daxili təzyiqləri neytrallaşdırmaq, ictimai rəyi dəyişmək üçün növbəti hərbi-siyasi avantüraya başlanıldı.
Ermənistan hərbi potensialını bərpa etmək üçün intensiv şəkildə silahlanmağa başlamışdı. Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün platsdarm formalaşdırırdı. Faktiki olaraq Ermənistan rəhbərliyi Azərbaycanın sülh gündəliyinə müharibə gündəliyi cavab verməyi qərara almışdı. Paşinyan Vladivostokda bunun anonsunu verdi və tərəflərin sülh formulunu fərqli başa düşdüyünü bəyan etdi. Ermənistanın dırnaqarası sülh formulunun məzmunu məhz 12 sentyabr hadisələri zamanı açıldı, İrəvan yenə müharibəni seçdi”.
Azərbaycanın qətiyyətli cavabının Ermənistanı yenidən sülh gündəliyinə qayıtmağa məcbur etdiyini bildirən Zaur İbrahimov qeyd edib ki, ölkəmiz bir daha hərbi üstünlüyünü, xalqımız isə birliyini, döyüş əzmini və fədakarlığını nümayiş etdirdi: “Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Bu obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır. Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistanla son bir ildə aparılan danışıqların təcrübəsi göstərir ki, İrəvanı sülh gündəliyinə sadiq qalmağa məcbur etmək üçün məhz hərbi güc tətbiq olunmalıdır.
Ermənistanın son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər. Azərbaycan əsgəri bir daha göstərdi ki, Vətəninə qarşı istənilən addımın, təxribatın qarşısını almaq qüdrətindədir. Ermənistanın təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər. Onlar general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər igidlərimizin qəhrəmanlığını təkrarlayaraq Azərbaycan xalqının öz torpaqlarını müdafiə etmək əzmini, qüdrətini bir daha nümayiş etdirdi”.