İQTİSADİYYAT
ZƏFƏR ÇAĞLAYAN: “HÖKUMƏTİMİZ “PETKİM” ŞİRKƏTİNƏ QOYULAN SƏRMAYƏNİ QARDAŞ SƏRMAYƏSİ KİMİ QİYMƏTLƏNDİRİR”
Ankara, 14 avqust (AZƏRTAC). Xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan İzmirin Əliağa bölgəsində “Petkim” şirkətini ziyarəti zamanı bildirmişdir ki, Türkiyə hökuməti bu şirkətə qoyulan sərmayəni qardaş sərmayəsi kimi qiymətləndirir.
Şirkətin idarə heyətinin sədri Vaqif Əliyev, müavini Ərdal Aksoy və “SOCAR-Turgas” birgə müəssisəsinin icraçı direktoru Kənan Yavuz ilə görüşən naziri səfər zamanı İzmir valisi Cahit Kıraç müşayiət etmişdir.
Kənan Yavuzun şirkətin fəaliyyəti haqqında məlumatını dinləyən nazir bildirmişdir ki, neft-kimya məhsullarının satışı Türkiyənin ixracatının 11 faizini təşkil edir. İyulun 23-də neft emalı zavodunun inşası üçün lisenziya alan “SOCAR-Turgas” birgə müəssisəsi ölkə iqtisadiyyatına böyük töhfə verəcəkdir. Bu zavodda istehsal olunacaq məhsulları bu gün Türkiyə idxal etməkdədir. “Petkim” şirkətinin fəaliyyəti nəticəsində artıq bu məhsullar ixrac olunacaq və Türkiyə iqtisadiyyatının inkişafına güclü təkan verəcəkdir.
Zəfər Çağlayan onu da bildirmişdir ki, “Petkim” şirkətinə qoyulacaq sərmayələrlə birlikdə Türkiyə və Azərbaycan arasında sərmayələrin ümumi həcmi 15 milyard ABŞ dollarına çatacaqdır. Beləliklə, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı iqtisadi sahədə də özünü doğruldacaqdır. İndi iki qardaş ölkə azad ticarət zonasının yaradılması istiqamətində tədbirlər görür.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara