İQTİSADİYYAT
Zərdabda əmək yarmarkası keçirilmişdir
Zərdab, 25 sentyabr (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti Zərdab rayonunda əmək yarmarkası keçirmişdir.
AZƏRTAC xəbər verir ki, yarmarkanın açılış mərasimində çıxış edənlər ölkəmizdə əhalinin məşğulluğunun təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışmışlar. Rayonda əmək qabiliyyətli qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək və onların işlə təmin olunmalarına kömək məqsədilə reallaşdırılan belə tədbirlərin əhəmiyyəti vurğulanmışdır.
Əmək yarmarkasında rayonun 26 müəssisə və təşkilatı tərəfindən 260 nəfər işaxtarana 164 boş iş yeri təklif olunmuşdur. Mərkəzi rayon xəstəxanası, təhsil şöbəsi, gigiyena və epidemiologiya mərkəzi əmək yarmarkasına daha çox iş yeri çıxarmışlar. Təklif olunan boş iş yerlərində orta aylıq əmək haqqı 85 manatdan 205 manatadək olmuşdur.
Gün ərzində davam edən tədbirdə 46 nəfər işaxtarana işə göndəriş verilmişdir.