CƏMİYYƏT
Zərdabda Gənclər arasında peşə təhsili və peşə seçiminin təbliğinə dair maarifləndirmə tədbiri keçirilib
Bakı, 1 may, AZƏRTAC
Aprelin 30-da “Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənclər arasında peşə təhsili və peşə seçiminin təbliği” layihəsi çərçivəsində nəzərdə tutulmuş doqquzuncu maarifləndirmə tədbirini həyata keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Çallı kənd tam orta məktəbinin 25 şagirdi iştirak edib.
Tədbiri açıq elan edən Çallı kənd tam orta məktəbinin direktoru Babək Mikayılov qonaqları salamlayıb, məktəblilərin peşə təhsili istiqamətində maarifləndirilməsinin önəmli olduğunu bildirib.
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri Vəfa Xəlilli çıxış edərək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, İctimai Birlik və layihə haqqında, eyni zamanda layihənin növbəti mərhələləri haqqında məlumat verib.
Tədbirdə Peşə təhsilinə müraciət etmə qaydaları, məktəblilərin düzgün peşə seçiminin, peşə ixtisas seçimində könüllülük fəaliyyətinin önəmindən danışılıb, beynəlxalq səviyyədə peşə təhsilinə verilən önəmdən bəhs edilib.
Qeyd edək ki, layihə 4 ay ərzində Zərdab və Ucar rayonlarında həyata keçiriləcək. Layihənin məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir.