İQTİSADİYYAT
Zərdabda sahibkarlar üçün treninqlər keçirilmişdir
Bakı, 15 oktyabr (AZƏRTAC). Zərdab rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Əmək Təşkilatının “Biznes ideyası yarat” və “Öz biznesinə başla” mövzularında treninqlər keçirilmişdir. Treninq “Öz biznesinə başla və təkmilləşdir” Proqramı çərçivəsində reallaşmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, treninqdə sahibkarlara biznesin mahiyyəti və növləri, təşkilati-hüquqi və mütərəqqi formaları, biznes mühiti, biznes ideyasının yaradılması, biznes-planların işlənib hazırlanması, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, məhsul istehsalının, satışının və reklamın təşkili və s. barədə ətraflı məlumatlar verilmişdir. Həmçinin “İnvestisiya layihələrinin hazırlanması” mövzusunda təqdimat keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzinin hazırladığı metodiki vəsaitlər paylanmışdır.
Tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin, Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşları, həmçinin müxtəlif sahələrdə fəaliyyət göstərən 60-a yaxın sahibkar iştirak etmişdir.