Zərdabda şəhid ailələri və Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib






Zərdab, 5 noyabr, AZƏRTAC
Zərdabda rayon Gənclər və İdman İdarəsinin, Gənclər evinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə şəhid ailələri və Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib. “Tarix yazan qəhrəmanlar” adı altında keçirilən görüşdə rayon rəsmiləri, SHXÇDX-nin Zərdab rayon bölməsinin zabitləri, ağsaqqallar, Zərdab Peşə Liseyinin müəllim və şagirdləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb. Sonra “Müzəffər Komandan” filmi nümayiş olunub.
Tədbirdə çıxış edənlər Azərbaycan tarixinin şərəfli səhifələrindən olan Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərdən və bu şanlı Qələbədə şəhidlərimizin, əsgər və zabitlərimizin qəhrəmanlığından danışıblar.
Vətən müharibəsi iştirakçıları torpaqlarımızın azad edilməsi uğrunda aparılan 44 günlük haqq savaşımızda vətənpərvər oğullarımızın igidliyindən söhbət açaraq, ölkəmizdə, eləcə də Zərdab rayonunda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Görüşdə həvəskar gənc rəssamların Zəfər Gününə həsr edilən rəsm sərgisi nümayiş olunub, Zərdab Peşə Liseyinin tələbəsi Balı Nemət Zəfər Günü ilə bağlı şeir söyləyib.