Zərdabın 18 yaşayış məntəqəsində əhalinin kütləvi tibbi müayinəsi başa çatıb
Zərdab, 5 aprel, AZƏRTAC
Zərdab rayonunda əhalinin kütləvi tibbi müayinəsi davam edir və artıq 18 yaşayış məntəqəsində bu humanist aksiya başa çatıb.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya çərçivəsində 18 yaşdan yuxarı 35 min 886 nəfərin tibbi müayinədən keçiriləcəyi gözlənilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və əhali tərəfindən böyük razılıqla qarşılanan bu humanist aksiyadan indiyədək 17 min 872 nəfər yararlanıb. Onlardan 446 nəfər ambulator, 15 nəfər stasionar müalicəyə cəlb edilib. 15 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb, 12 nəfər isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Rayonda əhalinin tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında, xəstəxananın poliklinika şöbəsində, habelə Körpükənd və Məlikli kənd sahə xəstəxanalarında aparılır. Yaşayış məntəqələrinin sakinləri, idarə və təşkilatların kollektivləri tərtib edilən qrafik əsasında hər gün məntəqələrə gəlir, müayinə olunurlar. Gəlmək imkanı olmayan ahıl və xəstə insanların müayinəsi səyyar briqada tərəfindən evlərdə aparılır.