REGİONLAR
ZƏRDABLI FERMERLƏR TAXIL BİÇİNİNİ SÜRƏTLƏ DAVAM ETDİRİRLƏR
Zərdabda taxıl biçininin qızğın çağıdır və torpaq mülkiyyətçiləri məhsulu vaxtında və itkisiz yığmaq üçün bütün qüvvələrini səfərbərliyə almışlar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, zərdablı fermerlər bu il 12 min 441 hektar sahədə bol məhsul yetişdirmişlər. Biçinə ciddi hazırlıqla başlanıldığından az vaxtda 500 hektaradək zəminin məhsulu yığılmışdır. Bu mühüm kampaniyaya 30-dək kombayn, 50-dən çox yedəkli traktor cəlb edilmişdir. Kombaynlardan 5-i “aqrolizinq” xətti ilə gətirilmiş yeni texnikadır.
Hələlik hər hektardan orta hesabla 26,5 sentner məhsul götürülür. İlkin hesablamalara görə, cari ildə rayonda 30 min tondan çox taxıl istehsal olunacaqdır.