SİYASƏT
Zərdablı gənclər rayon həyatının bütün sahələrində fəallıq göstərirlər
Zərdab, 1 fevral (AZƏRTAC). Zərdabda 2 fevral - Gənclər Gününə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, xatirəsinə dərin ehtiramlarını bildirmişlər.
Sonra mərasim “Natiq” şadlıq sarayında davam etdirilmişdir. Tədbirdə çıxış edənlər müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin işləyib hazırladığı dövlət gənclər siyasətindən və onun uğurlarından danışmışlar. Qeyd olunmuşdur ki, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Gənclərin təhsili, vətənpərvərlik tərbiyəsi, gənclər təşkilatlarının formalaşması və fəaliyyəti diqqət mərkəzindədir.
Bildirilmişdir ki, Azərbaycan gəncliyi həyatımızın bütün sahələrində mühüm qüvvəyə çevrilmişdir. Onun bir dəstəsi olan Zərdab gəncləri də rayonun sosial-iqtisadi, ictimai-mədəni, idman həyatında böyük fəallıq göstərirlər. Rayon idmançıları beynəlxalq turnirlərdə, dünya və Avropa kuboku yarışlarında uğurla çıxış edirlər.
Mərasimdə çıxış edənlər gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev tədbir iştirakçılarını Gənclər Günü münasibətilə təbrik etmiş, bir qrup fəal gəncə qiymətli hədiyyələr verilmişdir.
Tədbir rəngarəng bayram konserti ilə davam etmişdir.