Zərifə Əliyevanın oftalmologiya sahəsindəki fəaliyyəti Azərbaycan tibb elminin tarixində mühüm mərhələdir
Füzuli, 28 aprel, AZƏRTAC
Akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində fəaliyyəti, qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, fədakar həkim kimi göz xəstəliklərinin müalicəsi işinə mühüm töhfə verib, oftalmologiyanın aktual problemlərinə dair sanballı elmi-tədqiqatlar aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə Füzuli Tibb Mərkəzində keçirilən elmi-praktik konfransda səsləndirilib.
Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova, Tibb Mərkəzinin baş həkimi Cümşüd Məmmədov və başqaları çıxış edərək görkəmli oftalmoloq-alimin ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışıb, oftalmologiya sahəsində misilsiz xidmətləri barədə məlumat veriblər. Bildirilib ki, ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edən Zərifə Əliyeva 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olan Zərifə xanımın elmi fəaliyyəti ölkəmizdə tibb sahəsinin inkişafına mühüm töhfələr verib.
Qeyd olunub ki, akademik Zərifə Əliyeva oftalmologiya sahəsində görkəmli alim olmaqla yanaşı, həm də Azərbaycan qadınına xas olan ən ülvi, nəcib dəyərləri özündə yaşadan ziyalı, şəfalı əlləri ilə gözlərə işıq bəxş edən, mərhəmətli qəlbi və həlim xasiyyəti ilə könüllərə məlhəm olan nurlu şəxsiyyət idi. Tanınmış həkim, alim, eyni zamanda, qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanımın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.