DÜNYA
ZİNƏDDİN ZİDAN NİGERİYAYA XEYRİYYƏÇİLİK SƏFƏRİ ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Frans Press agentliyinə istinadla xəbər verir ki, məşhur futbolçu, Fransanın milli yığma komandasının keçmiş kapitanı Zinəddin Zidan Yoxsulluğa Qarşı Mübarizə Fondunu fəallaşdırmaq məqsədi ilə Afrikanın qərbində yerləşən Nigeriyaya xeyriyyəçilik səfəri etmişdir.
BMT-nin İnkişaf Proqramının layihəsi çərçivəsində bütün ailə üzvləri ilə birlikdə Nigeriyaya gəlmiş Z. Zidan vaxtilə sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılmasına yardım etdiyi ölkənin 30 minlik əhalisi olan Tessa şəhərində yerli sakinlərə kömək məqsədi ilə futbol yarışı təşkil etmişdir.
Fransa futbolunun ulduzu Nigeriya Prezidenti ilə görüşmüş, 2005-ci ildə istifadəyə verilmiş Niemida Futbol Texniki Mərkəzinə baş çəkmişdir.
Z. Zidan kasıblığın son həddində yaşayan ölkələrə yardım məqsədi ilə braziliyalı həmkarı Ronaldo ilə birlikdə 2003-cü ildə yaratdıqları “Yoxsulluğa qarşı matç” cəmiyyəti çərçivəsində hər il dünya futbol ulduzlarının yarışlarını keçirir. Artıq bu yarışlardan əldə edilmiş 2 milyon dollar Afrika, Asiya və Latın Amerikasının 24 ölkəsində 25 layihənin həyata keçirilməsinə sərf olunmuşdur.