CƏMİYYƏT
Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib
Bakı, 8 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın banisidir” mövzusunda tədbir keçirilib.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə FHN Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti və kursantlar, Milli Məclisin deputatı Arzu Nağıyev və başqaları da iştirak ediblər.
Tədbir Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Akademiyanın rəisi general-mayor Baba Salayev tədbirdə çıxış edərək Ulu Öndərin mənalı həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətinin təməlini qoyub və bununla da Ulu Öndərin adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinin böyük bir hissəsi, nəhəng tarixi şəxsiyyətdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsini öyrənmək üçün Akademiyada Heydər Əliyev Mərkəzi yaradılıb. Bu Mərkəz Ulu Öndərin bənzərsiz həyat yolunun səhifələrini vərəqləməyə imkan verir.
B.Salayev qeyd edib ki, mütərəqqi Heydər Əliyev siyasi kursunun mahir davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan dünya dövlətləri arasında özünəməxsus yer tutmaqla qüdrətli bir dövlətə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun cəmi 44 günə əbədi və əzəli torpaqlarımızı işğalçılardan azad etməsi bunun bariz nümunəsidir.
Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət quruculuğuna əvəzsiz töhfələr verən Ulu Öndər Heydər Əliyevin Vətənə sədaqətindən, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıb. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində dahi şəxsiyyət olduğunu vurğulayaraq bildirib ki, Heydər Əliyevin xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Bu gün Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi kurs Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə zamanın çağırışlarına uyğun davam və inkişaf etdirilir.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.