REGİONLAR
Şəhid oğlu: Atamla fəxr edirəm
Xaçmaz, 20 yanvar, Elxan Yusifli, AZƏRTAC
Atam şəhid olanda beş aylıq körpə olmuşam. Anam söhbət edir ki, zavodda fəhlə işləyən atam həmin gün iş yoldaşları ilə birlikdə meydanda etiraz səsini ucaldanlar arasında olub. Gecə evə qayıtmayıb. Səhər açılanda anam onun şəhid olduğunu öyrənib. Atamı başından güllə ilə vurublar.
Bu sözləri Xaçmazdan olan 20 Yanvar şəhidi Zahid Abdullayevin oğlu Tural Abdullayev AZƏRTAC-a müsahibəsində söyləyib.
20 Yanvar şəhidi Zahid Abdullayev doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Uzunoba kəndində dəfn edilib. Bakı Elektrik Maşınqayırma zavodunda fəhlə işləyən Zahid Abdullayev iş yoldaşı Zeynəb ilə ailə qurmuşdu. İki oğul, bir qız atası idi.
Turalın artıq 27 yaşı var. O, şəhid Zahid Abdullayevin sonbeşiyidir. Tural söyləyir ki, 10 yaşına qədər atasının şəhid olduğunu bilməyib. Evlərinin divarından asılan şəklin kimə məxsus olduğunu soruşanda böyük qardaşı ona həqiqəti söyləyib. “Atamla fəxr edirəm. O, Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda şəhid olub. Bu gün azad, firavan yaşamağımızda 20 Yanvar şəhidlərinin, o cümlədən atamın rolu böyükdür. Bütün şəhidlərimiz kimi, o da Azərbaycan xalqının qəlbində daim yaşayacaq”, - deyə Tural Abdullayev bildirib.
31 yaşında şəhid olan Zahid Abdullayevi yad edənlər arasında nəvələri də var.
Şəhidin böyüyüb-başa çatdığı kəndin məktəbi onun adını daşıyır. Zahid Abdullayev adına Uzunoba kənd tam orta məktəbinin foyesində şəhidin xatirə lövhəsi yaradılıb. Hər il məktəbdə şagirdlərin iştirakı ilə tədbirlər keçirilir, faciəyə həsr olunan inşa və rəsm müsabiqələri təşkil edilir.
20 Yanvar şəhidi Zahid Abdullayevin Xaçmaz şəhərində yerləşən Şəhidlər xiyabanında da xatirə lövhəsi qoyulub.